Şuşanın əsası hərbi-strateji baxımından möhkəm müdafiə imkanlarına malik paytaxt-qalaya olan zərurətdən yaranaraq, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Belə ki, Qarabağ xanlığının əsası müstəqil, türk, feodal dövləti kimi 1747-ci ildə I Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdu. Bundan sonra Pənahəli xan xanlığın paytaxtı kimi əvvəl Bayat, sonra isə Şahbulaq qalalarını tikdirir. Qısa müddət ərzində Qarabağ xanlığı hərbi cəhətdən Azərbaycanın ən güclü xanlıqlarından birinə çevrilir, özünün nizami ordusu yaradılır. Güclü xanlığın strateji cəhətdən daha əlverişli mövqeyi olan paytaxta ehtiyacı olduğundan, Pənahəli xan 1752-ci ildə Qarabağın ən səfalı yerində, relyefin dəniz səviyyəsindən 1300 metrdən 1600 metrədək dəyişdiyi yüksəklikdə yerləşən uca dağ zirvəsində qala-şəhərin əsasını qoyur. Beləliklə Pənahəli xan Qarabağ xanlığının paytaxtını yeni qalaya köçürür. Şəhər əvvəl Pənahabad, sonra isə Şuşa adlandırılır. Pənahəli xanın hakimiyyəti illərində, 1763-cü ilə qədər, Şuşada çoxlu abidələr, müdafiə bəndləri və qalalar tikilir. XIX əsri əhatə edən sonrakı mərhələdə yeni məhəllələr salınmış və bununla Şuşanın bir...