Artıq XIX əsrdə Şuşa-Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə, sağlamlıq şəhəri, istedadlar diyarına çevrildi. Azərbaycanın heç bir şəhəri bu qədər istedad yetişdirməmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 12 xəttat, 5 astronom, 18 memar, 16 həkim və təxminən 42 müəllim yaşayıb yaratmışdı. Bu inkişafın nəticəsində şuşalı gənclər təhsil almaq üçün artıq Avropaya üz tuturdular. Bu isə şəhərdə Avropa dəbinin də yayılmasına səbəb olurdu. Şəhərdə geyimdə, ev əşyalarında, kulinariyada milli dəyərlərlə yanaşı Avropa üslubu və dəyərləri də hökm sürürdü. Bütün sadalananlar şəhərin memarlığından da yaxşı mənada yan keçməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi Şuşada evlərin inşası şəhərin təsdiq edilmiş baş planına uyğun aparılırdı. Həyətyanı sahələr əsas küçəyə baxmır, mütləq şəkildə evin arxasında olmalı idi. Bu səbəbdən də əsas küçələrdən həyətyanı sahələr ümumiyyətlə görünmür, küçədən birbaşa giriş qapısından evlərə daxil olmaq olurdu. Şuşadakı evlərin hamısının pəncərə və qapıları birbaşa küçəyə baxırdı. Ona görə də şəhərdə gəzən...